Aslan Kərimov: Bu, mənim karyeramın sonuncu ilidi
17 марта 2011 13:08

“Qarabağ”ın canlı əfsanəsi, 38 yaşlı Aslan Kərimov artıq futbolçu karyerasının son aylarını yaşayır. Azerisport.az xəbər verir ki, futbolçu ömrünün böyük qismini Ağdam klubunda keçirən universal yarımmüdafiəçi karyerasını bitirdikdən sonra məşqçi kimi çalışmağı planlaşdırır.
Bu məqsədlə o, “B” kateqoriyalı kurslarda iştirak edib. 2 həftəlik kursu uğurla başa vuran Kərimov növbəti məşqçi lisenziyası almaq üzrədi. Aslan bu barədəki planları ilə fikirlərini də açıqlayıb: “Təxminən 2 həftəlik kurs oldu. Dərsləri U-16-nın çalışdırıcısı Nikolay Adam keçirdi. Kursun faydalı olacağını fikirləşirəm. Nəzəri və praktiki məşğələlər yerinə yetirdik. Hə, bu, mənim karyeramın sonuncu ilidi. Futbolu bitirdikdən sonra doğma komandada məşqçi kimi çalışmaq istəyirəm. Futbolçu karyeram ərzində öyrəndiklərimin də mənə kömək olacağına inanıram”.
Aslan eyni zamanda Premyer Liqanın final mərhələsi haqqında da danışıb: “Nəzəri cəhətdən ilk 5 pillədə qərarlaşan komandaların çempionluq şansı var. Amma sonda bir komanda çempion olacaq. Əlbəttə, ən az səhv edən sonda sevinəcək. “Neftçi” və “Xəzər Lənkəran” bizdən öndə qərarlaşıb. Deməli, onlar bizi bir neçə addım qabaqlayırlar. Final mərhələsində bütün nəticələrə hazır olmalıyıq. Hazırda bizi AZAL-la oyun gözləyir. Nazim Süleymanov döyüşkən komanda yaradıb. Gərgin oyun olacaq. Təsnifat mərhələsindəki görüşlərdə “təyyarəçilər”i məğlub edə bilməmişik. Bu da rəqibin gücünü göstərir. “Qarabağ” hər oyuna ciddi hazırlaşır. Ümumiyyətlə, uzun müddətli karyeramda bunu öyrənmişəm ki, hər bir oyuna ciddi köklənmədən uğurlu nəticəyə ümid etmək olmaz”.