APB-də son mərhələ
AİBA Pro Boxing (APB) yarışında iştirak edəcək bütün boksçular hazırda Qazaxıstanın paytaxtı Astanada seminardadılar. Azerisport.az xəbər verir ki, Boks Akademiyasında keçirilən tədbirdə idmançılara AİBA-nın yeni layihəsi haqda ətraflı məlumat verilir.
Seminardan başqa boksçular həm də sparinqlərdə iştirak edir, məşq prossesinə qatılırlar. Qeyd edək ki, APB yarışlarında 3 boksçumuz – Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) iştirak edəcək. Artıq bütün çəki dərəcələrində hansı idmançıların mübarizə aparacağına aydınlıq gəlib. İki qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun gücünü sınayacağı 91+kq çəki dərəcəsində görüşlər Bakıda təşkil olunacaq. Sentyabrın 17-də isə Astanadakı AİBA Boks Akademiyasında püşkatma mərasimi keçiriləcək.
APB yarışları 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. (ABF)