Gennadi Sosonko: Shamkir Chess 2014 turnirinin ənənəvi olmasını istərdik
23 aprel 2014 17:22
Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess 2014” beynəlxalq turnirində partiyaları şərh edən məşhur şahmatçı, Veyk-An-Zee turnirinin ikiqat qalibi, olimpiada və Avropa çempionatının iştirakçısı, FIDE-nin əməkdar məşqçisi Gennadi Sosonko azerisport.az saytına maraqlı açıqlama verib:
“Vüqarın gözəl insan, güclü şahmatçı olması hamıya məlumdur. Onunla bir neçə yarışda görüşümüz olub. Bir dəfə turnirin istirahət günündə Vüqarla maraqlı söhbətimiz oldu. Səhər yeməyindən sonra başlayan söhbət zamanı dünya ədəbiyyatı, şahmat, musiqi və digər mövzularla bağlı danışdıq. Bir də saata baxdım ki, artıq axşam yaxınlaşır. Təxminən dörd-beş saat söhbətimiz olub. Bu Vüqarın necə maraqlı insan olduğunu göstərir. Üstəlik, dünya ədəbiyyatı, musiqi, şahmat tarixi, dünya ölkələrinin mədəniyyəti ilə bağlı maraqlı fikirlər səsləndirdi. Vüqar Azərbaycanın layiqli övladıdır. O, hər zaman şahmat dünyasının yaddaşında olacaq. İstəyirəm, “Synergy Group”a təşəkkür edim. Vüqarın adına layiq turnir təşkil edib. Hər şey ürəyimizcədir. Gözəl Şəmkirdə keçirilən turnirin ənənəvi olmasını istərdik”.