Futbolçularımızın rəqibləri bəlli oldu
Futbol üzrə Türkiyə kubokunda 2-ci mərhələnin püşkü atılıb. Azerisport.az xəbər verir ki, qardaş ölkənin PTT 1-ci Liqasında çıxış edən azərbaycanlı futbolçular da rəqiblərini tanıyıblar.
Belə ki, millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB" "Səlçukluspor"la, Mahir Şükürovun "Karşıyaka"sı "Altay"la, Cavid İmamverdiyevin "Elazığspor"u isə "Ayvalıkgücü Bələdiyəspor"la üz-üzə gələcək.
Yığmamızın sabiq futbolçusu Rail Məlikovun "Dənizlispor"u "SPT Akçabat"la, Branimir Subaşiçin "Manisaspor"u isə "Çorumspor Bələdiyəspor "la qarşılaşacaq.
Ayaz Mehdiyevin çıxış etdiyi "Giresunspor" da "Sakaryaspor"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bu mərhələdə 1-ci turun qalibi olan 35, 2-ci liqadan 37, 1-ci liqadan 18 və Superliqadan 8 komanda mübarizə aparacaq.