Elxan Tağızadə: Milliyə italyan mütəxəssis gətirilməlidi
İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadənin azerisport.az saytına müsahibəsi
- Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi yerli olmalıdı, ya əcnəbi?
- Əcnəbi. Gəlin öncə yerlilərdən yığmaya kimin rəhbərlik edəcəyinə baxaq. Onların əksəri artıq millimizdə çalışıb. Yəni biz yenidən yığma komandanı Ağasəlim Mircavadova, Şahin Diniyevə, Vaqif Sadıqova həvalə etməliyik? Hazırda yalnız iki yerli namizəd var ki, bunlar da Qurban Qurbanovla Nazim Süleymanovdu.
- Əksəriyyət Qurbanovun təyinatını tələb edir...
- Mən hələ bunun tez olduğunu düşünürəm. Qurbanov "Qarabağ"da uğurla çalışır. Amma biz onun yığmada nəyə nail olacağını bilmirik. O, yığmaya gətirilsə, biz "Qarabağ"ı itirə bilərik. Bu iki postu eyni vaxtda ona tapşırmaq isə müzakirə mövzusu ola bilməz. Mənə elə gəlir ki, Qurbanov yığmaya rəhbərlik etmək üçün daha çox təcrübə toplamalıdı. O, yaxşı mütəxəssisdi və bundan da yaxşı inkişaf edə bilər. Yığmadakı fəaliyyəti isə onu sındıra bilər.
- Niyə?
- Yığmada çalışmaq çətindi. İlk növbədə psixoloji baxımdan. Klub baş məşqçiləri ilə yığmanın çalışdırıcısına qarşı olan təzyiqlər tam fərqlidi. Həm də Qurbanov hələ "Qarabağ"da pik nöqtəsinə çatmayıb.
- Belə bir fikir də var ki, Qurbanovun yığmada təcrübə toplaması üçün onun hansısa əcnəbi mütəxəssislə eyni vaxtda çalışmasına şərait yaradılsın...
- Bu, çətin variantdı. Birincisi, iki baş məşqçi dünya futbolunda nadir hadisədi. Sonuncu dəfə bunu İsveç yığmasında görmüşük. Onlar da xüsusi nəyəsə nail ola bilmədilər. İkincisi, Qurbanovun "Qarabağ"la Avroliqanın qrup mərhələsindəki çıxışı onun xeyrinədi. İtaliya, Fransa, Ukrayna klubları ilə oyunlar Qurbanov üçün böyük təcrübə deməkdi.
- Bəs əcnəbi mütəxəssislərdən kimi məsləhət görürsüz?
- Mən İtaliya futbol məktəbinə üstünlük verərdim. Azərbaycanda italyan futbolunu çox sevirlər. Onlar mentalitet baxımından da bizə yaxındılar. Taktiki cəhətdən güclü məşqçi də yığmamıza faydalı ola bilər. Azərbaycan yığması üçün ideal məşqçi 50 yaşadək biridi.
- Sizcə, italyan mütəxəssis Berti Foqtsun qoyub getdiyi yığmamızı düzəldə biləcək?
- Bəli. Foqts da millimizdə az iş görmədi. Razıyam ki, onunla çalışmaq çətin idi, səhvlər də vardı. Amma bir məqam var ki, o, futbolçularımız, klublarımız haqda olanı deyirdi. Onun istəyi futbolçuların daha çox məşq etməsi, oynamasıydı.
- Bəs bizə daha yaxın olan Türkiyədən və ya MDB ölkələrinin birindən məşqçi gətirməyə necə baxırsız?
- Rusiya və Türkiyədən gələcək hansısa məşqçinin Azərbaycan millisinə kömək edəcəyini düşünmürəm. Futbolçularımız onların rəhbərliyi altında inkişaf edə bilməyəcəklər.