Qurban Qurbanov: Sent-Etyenə istədiyi kimi oynamağa imkan verməməliyik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 5-ci turu çərçivəsində qarşılaşacaqları Fransa "Sent-Etyen"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir i, o, bu gün təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Üstünlük rəqibin tərəfindədi. Evdə onlar daha təhlükəli oynayırlar. Biz onlara istədikləri kimi oynamağa imkan verməməliyik. Təşkilatlanmış futbol sərgiləməliyik, bacardığımız kimi oynamağa çalışmalıyıq".
Qurbanov itkilərdən də söhbət açıb: "Bütün zədəli futbolçularımız bizim üçün önəmlidi. Seçim çox da geniş deyil. Amma bu haqda çox düşünməyə ehtiyac yoxdu. Çünki bu, digər oyunçulara təsir edə bilər".
Ağdamlıların çalışdırıcısı rəqibin güclü tərəflərindən danışıb: "Rəqibə hörmətlə yanaşırıq. Onların möhkəm müdafiəsi var. Yaxşı komandadı. Üstəlik, fərdi cəhətdən də güclü oyunçulara malikdi. Bu komanda təsadüfi hallarda qollar buraxır. Çətin, eyni zamanda da maraqlı oyun olacağını gözləyirəm".
Qurbanov qrupdan çıxmaq şanslarını da dəyərləndirib: "1/16 finala çıxmaq üçün bizə nə qədər xal lazım olduğunu bilmirəm. Amma hazırda bizə xalların lazım olduğunu dəqiq bilirəm. Arzular bizə hər şeyə reallıqla baxmağa imkan vermir. Sabah minimum düzgün oynayıb, nəticə qazanmağa çalışmalıyıq".
"Qarabağ"ın çalışdırıcısı oynayacaqarı "Joffrua Gişar" stadionundan da bəhs edib: "Gözəl stadiondu. Burada ancaq yaxşı futbol oynamaq qalır. Sabah arenada hansı atmosferin olacağını bilmirəm. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq".