Adlan Şişxanov: 0:0 bizim üçün pis nəticə deyil
Moldovanın "Daçiya" klubunun prezidenti Adlan Şişxanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin cavablarla tanış edir.
- Yaxşı komandanız var. Hiss olunurdu ki, "Kəpəz" avrokuboklar üçün darıxıb. Rəqib inamlı oynadı. Prinsipcə, biz bunu gözləyirdik. Əlbəttə, 0:0 yaxşı nəticə olmasa da, pis nəticə də deyil. Cavab oyununda qələbə qazanmağa çalışacağıq.
- Baş məşqçi Oleq Bejenar sizin qələbədən başqa heç bir nəticəni uğurlu saymadığınızı demişdi. Amma indi heç-heçəni uğurlu nəticə saydığınızı deyirsiniz...
- Bəli, mən istər səfər, istərsə də ev oyununda ancaq qələbə qazanmağımızı istəyirəm. Amma bu gün "Kəpəz" çox güclü oynadı. Bu komandaya uğurlar arzulayıram. Amma bizimlə oyunlarda yox, növbəti mövsümdə.
- Niyə oyun zamanı futbolçulara tapşırıqları baş məşqçi yox, siz verirdiniz?
- Çünki mən komandanın nəticə qazanması üçün həmişə əlimdən gələni etməyə çalışıram. Lazım gəlsə, meydana çıxmağa da hazıram.
- Oyunçu dəyişiklərinə də siz qərar verirsiniz?
- Bəli. Siz futboldan sual verəcəksiniz, ya yox? Yaxşı komandamız var. Cavab görüşündə də bunu sizə göstərəcəyik. "Kəpəz" bu gün öz imkanlarından daha yaxşı oyun sərgilədi. Çünki uzun illərdir avrokuboklarda çıxış etmir. Amma biz hər il avrokuboklardayıq. Gəlin cavab görüşünü gözləyək.
- Start heyətinizdəki futbolçulardan beşi ötən mövsüm bir dəqiqə də oynamayıb. Bu, nə ilə əlaqədardır?
- Bunun bizə faydalı olacağını düşündük. Çempionatda da fərqli heyətlərə üstünlük veririk və bunun faydasını görürük.
- Bəs "Kəpəz"də kimsə xoşunuza gəldi?
- Hamısı xoşuma gəldi. Bu cür komandaya qarşı mübarizə aparmaq çox xoş idi.