Yığmamızın yeni “almanı”
27 noyabr 2012 13:26

Məlum olduğu kimi, futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts milli komandamıza yeni futbolçu çağırıb. Azerisport.az xəbər verir ki, bu Almaniyanın “Kaiserslautern” klubunun ikinci heyətində çıxış edən Rüfət Dadaşovdu.
Qeyd edək ki, bu futbolçunun millimizə dəvət olunması bir qədər gözlənilməz oldu. Çünki onun haqqında indiyə qədər heç kim eşitməmişdi. Elə isə, gəlin görək Rüfət Dadaşov kimdi və yığmamıza necə yolu açılıb?
Dadaşovun 21 yaşı var. O, 1991-ci ilin 29 sentyabrında Bakıda dünyaya gəlib. Lakin onun ailəsi ilə bağlı müxtəlif məlumatlar var. Bəzi mənbələrdə bildirilir ki, Rüfətin ailəsi öncə Avstriyaya köçüb, ordan isə Almaniyaya yollanıb. Bəziləri isə Dadaşovun özünün gənc yaşlarından Almaniyaya yollandığını, ailəsinin hələ də Azərbaycanda yaşadığını iddia edirlər.
“Kaiserslautern”in ikinci komandasının iştirak ərizəsində də Dadaşov məhz azərbaycanlı legioner kimi göstərilib. Bu, o deməkdi ki, hücumçu hazırda Azərbaycan vətəndaşıdı.
185 sm boyu olan Rüfət cari mövsümdə “Kaiserslautern II” ilə Almaniyanın Regional Liqasında 10 oyuna çıxıb (3 dəfə əsas heyətdə, 7 dəfə əvəzetmədən) və 357 dəqiqə oynayıb.
Məşhur “Transfermarkt” ona 50 min avro qiymət qoyub.