16 may 2013 02:25
Neftçinin ÇL-dəki potensial rəqibləri
Məlum olduğu kimi, UEFA Çempionlar Liqasının 2013/14 mövsümündə Azərbaycanı yenə son çempion “Neftçi” təmsil edəcək. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirinin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Artıq Azərbaycan təmsilçisinin bu turnirdəki potensial rəqiblərinin bəzisi bəllidi. Bəribaşdan qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin püşkatması zamanı “Neftçi” səpələnmişlər sırasında yer alacaq. Bu isə komandamızın güclülər sırasında olub, nisbətən zəif klublarla qarşılaşacağı anlamına gəlir. 34 komandanın iştirak edəcəyi ikinci mərhələdə 17 klub səpələnmişlər, bir o qədəri də səpələnməmişlər səbətində yer alacaq.
Bu mərhələdə iştirak etmək hüququ qazanan klublar hələlik aşağıdakılardı: BATE (Belarus), Celtic (Şotlandiya), Steaua (Rumıniya), Dinamo (Zaqreb, Xorvatiya), Maribor (Sloveniya), Elfsborg (İsveç), Maccabi (Təl-Əviv, İsrail), Molde (Norveç), HJK (Finlandiya), Ekranas (Litva), Neftçi (Azərbaycan), Dinamo (Tbilisi, Gürcüstan), Zeljezniçar (Bosniya və Herseqovina), “Hafnarfjordur” (İslandiya), Gyor (Macarıstan), TNS (Uels), Sligo Rovers (İrlandiya), Şaxtyor (Qazaxıstan), Skenderbeu (Albaniya), Birkirkara (Malta), Cliftonville (Şimali İrlandiya), Daugava (Latviya), Nomme Kalju (Estoniya).
Bu 23 klubdan adları aşağıda göstərilənlərin “Neftçi” ilə birgə səpələnmişlər sırasında yer alacağı dəqiqdi: BATE (Belarus), Celtic (Şotlandiya), Steaua (Rumıniya), Dinamo (Zaqreb, Xorvatiya), Maribor (Sloveniya), Elfsborg (İsveç), Maccabi (Təl-Əviv, İsrail), Molde (Norveç), HJK (Finlandiya), Ekranas (Litva). Bir sözlə, adları çəkilən komandalar püşkatma zamanı “Neftçi”yə rəqib olmayacaqlar.
Çexiya, Polşa, Slovakiya, Serbiya, Bolqarıstan, Moldova, Makedoniya, Monteneqro və Lüksemburqun bu turnirdəki təmsilçilərinin adlarına aydınlıq gəlməyib. Onlardan da Çexiya, Polşa və Serbiya çempionları “Neftçi” ilə birgə səpələnmişlər sırasında yer almalıdı. Qalan klublar isə Azərbaycan çempionunun potensial rəqibləri sırasındadı. Andorra, Farer adaları, San-Marino və Ermənistan klublarının oynayacağı birinci təsnifat mərhələsinin 2 qalibi də mütləq “Neftçi”nin potensial rəqibi olacaq. Həmin klublar isə bunlardı: Streymur (Farer adaları), Lusitanos (Andorra), Shirak (Ermənistan) və San-Marinonun bəlli olmayan çempionu.
Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab görüşləri isə həmin ayın 23-24-də keçiriləcək.
