18 may 2013 01:07
Klublarımız avrokuboklarda rəqiblərini hansı arenalarda qəbul edəcəklər?
Artıq tezliklə Azərbaycan klublarının avrokubok macərası start götürəcək. Azerisport.az xəbər verir ki, son ölkə çempionu “Neftçi” ölkəmizi UEFA Çempionlar Liqasında, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” isə Avropa Liqasında təmsil edəcək.
Bəs görəsən, yeni mövsümdə klublarımız avrokubok oyunlarını hansı stadionlarda keçirməli olacaqlar? “Neftçi” rəqiblərini “Bakcell Arena”da qəbul edəcək. Maraq üçün xatırladaq ki, bu arena ötən mövsüm də Avropa Liqasının qrup mərhələsinin oyunları zamanı “Neftçi”nin ev oyunlarını qəbul etmişdi. Təsnifat mərhələsində isə çempionumuz “Dalğa Arena”da çıxış edirdi. Bu mövsüm isə “ağ-qaralar”ın bütün oyunlarını “Bakcell Arena” qəbul edəcək.
“İnter” adətən ev oyunlarını “Şəfa” stadionunda keçirir. Lakin xəbər verdiyimiz kimi, bu mövsüm UEFA paytaxt klubunu doğma arenasının xidmətindən məhrum edə bilər. Çünki stadion ətrafında yol ötürücüsünün inşası ilə əlaqədar “İnter”in ev oyunlarını “Şəfa”da keçirməsi böyük sual altına düşüb. Bunu klub prezidenti Georgi Nikolov da təsdiqləyib. Belə olan halda, komanda böyük ehtimalla ev oyunlarını Tofiq Bəhramov adıan Respublika stadionunda keçirməli olacaq. Amma “bankirlər”in “Dalğa Arena”nı seçməsi də istisna deyil. Ən azından təsnifat mərhələsinin oyunlarının burda keçirilməsi mümkündü.
“Qarabağ”ın isə ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi artıq dəqiqdi. Premyer Liqada da rəqiblərini mərkəzi arenada qəbul edən Ağdam klubu ötən mövsüm qitə miqyaslı yarışlarda çıxış etmək şansı qazanmamışdı. Amma ondan əvvəlki mövsümlərdə avrokuboklardakı ən uğurlu təmsilçimiz olan “Qarabağ” bu il yenə mərkəzi arenanı tam doldurmağa hazırlaşır.
“Xəzər Lənkəran” da ənənəvi olaraq öz rəqiblərini doğma meydanında, Lənkəran şəhər stadionunda qəbul edəcək. Baxmayaraq ki, arenanın qazonu heç də ideal vəziyyətdə deyil.
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov saytımıza açıqlamasında bəyan edib ki, klublarımızdan ən azı biri və ya ikisi avrokubokların qrup mərhələsinə vəsiqə qazansa, mərkəsi arena həmin görüşləri qəbul etməyə hazırdı: “UEFA qrup mərhələsində klublardan stadionları dəyişməyi tələb edir. Hazırda bizim stadion Azərbaycanda ən çox azarkeş tutan arenadı. Aydın məsələdi ki, hansısa klublarımız qrup mərhələsinə vəsiqə qazansa, bu, oyunlara marağı artıracaq və daha böyük tutumlu arenaya ehtiyac duyulacaq. Belədə də ümid yalnız mərkəzi arenayadı”.
