İnterlə Neftçi Avroliqada növbəti rəqibini tanıdı
Bu gün Nyon şəhərində UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edən "İnter"lə "Neftçi"nin də növbəti potensial rəqibləri müəyyənləşib.
"İnter" dördüncü qrupda yer almışdı və səpələnmişlər səbətindəydi. Bu isə onun daha zəiflərin yer aldığı səpələnməmişlər səbətindəki aşağıdakı klublardan biri ilə düşəcəyindən xəbər verirdi:
Hapoel (Kiryat Şmona, İsrail)
Ermis (Kipr)
Vikinqur (Farer adaları)/Tromse (Norveç) (ilk oyunun nəticəsi - 0:0)
Petrolul (Rumıniya)/Flamurtari (Albaniya) (2:0)
Rux (Polşa)/Vaduts (Lixtenşteyn) (3:2)
Neman (Belarus)/Fram (İslandiya) (1:1)
Püşk nəticəsində "İnter" - "Elfsborq" cütünün qalibi "Neman" (Belarus) - "Fram" (İslandiya) cütünün qalibi ilə düşüb. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan Kubokunun qalibi "Neftçi" isə 5-ci qrupda səpələnməmişlər sırasında yer almışdı. Bu da "ağ-qaralar"ın daha güclü rəqiblərlə düşməsini labüd edirdi:
Rio Ave (Portuqaliya)
Brügge (Belçika)
Bursaspor (Türkiyə)/Çixura (Gürcüstan) (0:0)
Dandalk (İrlandiya)/Hayduk (Xorvatiya) (0:2)
ÇFR Kluj (Rumıniya)/Yaqodina (Serbiya) (0:0)
Püşk "Neftçi" - "Koper" cütünü "Bursaspor" (Türkiyə) - "Çixura" (Gürcüstan) cütünə rəqib edib. Bu komandalar arasındakı ilk oyunda da hesab açılmayıb - 0:0.
Qeyd edək ki, "İnter" ikinci təsnifat mərhələsində səfərdə İsveç "Efsborq"u üzərində 1:0 hesablı qələbədən sonra mərhələ adlamağa çox yaxındı. "Neftçi" isə əksinə, evdə Sloveniya "Koper"inə 1:2 uduzduğundan, mərhələ adlamaq şansları o qədər də yüksək deyil.
Üçüncü təsnifat mərhələsinin oyunları 31 iyul - 7 avqust tarixlərində keçiriləcək.