Kaue: Məni Neftçiyə belə oynamaq üçün çağırmayıblar
"Neftçi"nin yarımmüdafiəçisi Kaue Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı keçirilmiş ilk oyundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Azarkeşlər sizdən məğlubiyyət yox, qələbə gözləyirdilər. Niyə belə alındı?
- Yəqin, hamı gördü ki, biz məğlubiyyətə layiq deyildik. Pis oynamadıq, amma görünür bu, qələbə qazanmaq üçün yetərli deyilmiş.
- "Neftçi" rəqibin müdafiə xəttini keçə bilmirdi. Qolu da uzaq məsafədən vurdunuz. Bu, ustalıq səviyyəsinin az olmasından irəli gəlirdi?
- Mən belə deməzdim. Komandamızın heyətində kifayət qədər texnikalı futbolçular var. Rəqibin müdafiə xəttinin haqqını vermək lazımdı. Onlar bu görüşü çox yüksək səviyyədə keçirdilər.
- Bəs sizin müdafiə xəttiniz niyə belə pis oynadı?
- Təəssüf ki, iki kobud səhvə yol verdik. Bax əsas fərq də elə bunda idi.
- Yeri gəlmişkən, sizin öz çıxışınız da arzulanan səviyyədə deyildi. Bu, sizin indiki zamanda sərgiləyə biləcəyiniz ən yaxşı oyundu?
- Əlbəttə, yox. Dəqiq bilirəm ki, məni bu kluba belə oyun üçün götürməyiblər. Mənə vaxt lazımdı. Unutmayın ki, bu, "Neftçi"də ilk rəsmi oyunum idi.
- İkinci rəsmi oyunda nə olacaq ki?
- Şübhəsiz ki, daha yaxşı oynamağa çalışacam. Bizim bu rəqibi keçmək şansımız qalır.
- Bilirsiz ki, "Neftçi" ötən mövsümdə də ilk cəhdindəcə mübarizəni dayandırmaqla çoxlu tənqid olunmuşdu?
- Bilirəm və bunu başa düşürəm. "Neftçi" böyük klubdu və hər kəs bu komandadan daha böyük uğurlar gözləyir. Komandamız "Koper"lə cavab matçında uğur qazanmaq üçün əlindən gələni edəcək ki, ötən il üzləşdiyi aqibət təkrarlanmasın.