"Araz Abdullayev reydləri ilə bizi bezdirmişdi"
Sloveniyanın "Koper" klubunun yarımmüdafiəçisi Damir Hadjiçin azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə Bakıdakı səfər matçında 2:1 hesablı qələbənizi necə şərh edərdiz?
- "Neftçi" çox yaxşı komandadı. Bilirdik ki, onlar ilk dəqiqələrdən hücuma atılacaqlar. Buna görə də oyunu müdafiədən qurduq. Əsas odu ki, lazım olan qolları vurub, vacib qələbə qazandıq.
- Siz məhz bu "Neftçi"ni gözləyirdiz, yoxsa daha güclüsünü?
- Onlara qalib gəlsək də, etiraf etmək lazımdı ki, rəqib güclü komandadı. Bizə bu oyunda müdafiə olunmaq çox çətin idi.
- İkinci hissədə "Neftçi"nin hesabı bərabərləşdirəcəyindən ehtiyatlanmırdız?
- Əlbəttə, bəzi epizodlarda elə görünürdü ki, hesab bərabərləşəcək. Amma yaxşı ki, ikinci qolu buraxmadıq. Buna görə şadam. "Neftçi"nin bəzi oyunçularının reydləri var idi ki, məni bezdirmişdi.
- Məsələn?
- Ən çox 7 nömrəli futbolçu (Araz Abdullayevi nəzərdə tutur - red.) bezdirdi. Gənc olduğu görünürdü. "Neftçi"nin əvvəlki oyunlarında da onun necə oynadığını görmüşdüm. Karlos Kardosonun da çıxışını qeyd edərdim. O, həqiqətən əsl döyüşçüdü. İnanın ki, belə futbolçuları görəndə, hətta rəqibin də olsa, elələriylə həmkar olduğuna görə qürur duyursan.
- Bakılılar cavab görüşündə əsl "Neftçi"nin necə olduğunu göstərəcəklərini deyirlər...
- Onlar da əsl "Koper"i görəcəklər (gülür). Belə açıqlamalar vermək çox asandı. Bunu işinlə də göstərməlisən. Biz Bakıda öz futbolumuzu sərgilədik və qalib gəldik.
- "Koper"in növbəti mərhələyə yüksəlmək şansının daha çox olduğunu demək olar?
- Bizim əla şansımız var. Belə bir şansı əldən buraxmaq olmaz. Cavab oyununda bizi hətta heç-heçə də qane edir.