Sumqayıt Dinamo ilə sülh bağladı
Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyənin Kartepe bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda üçüncü yoxlama oyununda Batumi "Dinamo"su ilə üz-üzə gəlib.
Gürcüstan klubu ilə qarşılaşma heç-heçə başa çatıb. 29-cu dəqiqədə hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirən gürcülər hesabı açıblar. Amma cəmi 2 dəqiqə sonra komandamız hesabı bərabərləşdirib. 78-ci dəqiqədə "Sumqayıt" da penalti qazanıb və hesabda önə keçib. Amma 90+7-ci dəqiqədə "Dinamo" matçın yekun nəticəsini müəyyənləşdirib - 2:2.
Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə (İran) 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlmişdi.
Yoxlama oyunu
22 iyul
Sumqayıt - Dinamo - 2:2 (1:1)