Kordoba rəsmən AZAL-da
AZAL heyəti gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, hazırda yeni mövsümə hazırlıqlarını Boluda davam etdirən paytaxt klubu daha bir transferi rəsmiləşdirib.
Bu dəfə kolumbiyalı hücumçu Con Enrike Kordoba ilə müqavilə imzalanıb. “Koru Otel”də baş tutan mərasimdə Kordoba 2 illiyə AZAL-ın sıralarına qoşulmağa dair sənədə imza atıb.
Qeyd edək ki, buna qədər Con yalnız Cənubi Amerikada top qovub. Venesuelanın “Deportivo Lara”, “Deportivo Petare”, “Samora”, “Truxilyanos”, Boliviyanın “Bolivar” klublarının şərəfini qoruduqdan sonra o vətəni Kolumbiyada “Deportivo Kukuta” və “Amerika de Kali”nin formasını geyinib.
Xatırladaq ki, Kordoba komandasının yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı sayca 9-cu futbolçu oldu. Daha öncə Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov ilə müqaviləyə bağlanmış, Novruz Məmmədov və Orxan Lalayev “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadə isə “Qarabağ”dan icarəyə götürülmüşdü. (klub saytı)