Araz Naxçıvan Türkiyədə 2-ci məğlubiyyətini aldı
Ərzurum şəhərində hazırlıqlarını davam etdirən "Araz Naxçıvan" Türkiyədəki toplanış çərçivəsində növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, Türkiyənin ikinci liqa klubu "Tasus İdman Yurdu" ilə qarşılaşan "qırmızı-ağlar" meydanı məğlub tərk ediblər.
Rəqib ilk 20 dəqiqədə iki dəfə penaltidən maksimum yararlanıb. İlk hissədə "Araz Naxçıvan"ın heyətində Akif Tağıyev hesab arasındakı fərqi azaltsa da, türk klubu yenidən fərqlənməyə müvəffəq olub. İlk hissədə daha çox ehtiyat futbolçuları meydana buraxan Əsgər Abdullayev ikinci yarında heyəti tam olaraq dəyişib. Bunun nəticəsi kimi daha çox hücum futbolu sərgiləyən "Araz Naxçıvan" Eşqin Quliyevin mükəmməl cərimə zərbəsindən sonra hesab arasındakı fərqi minimuma endirib - 2:3. Qoldan sonra naxçıvanlılar Bəxtiyar Soltanov, Elhad Nəziri və Elnur Abdulovla qola yaxınlaşsa da, top qapıdan keçməyib.
Bununla "Araz Naxçıvan" ikinci yoxlama görüşündə də meydanı məğlub tərk edib. Bundan öncə Naxçıvan təmsilçisi "Samsunspor"a 1:2 hesabıyla uduzmuşdu.
"Araz Naxçıvan" meydana aşağıdakı heyətlə çıxıb: 23. Rəşas Heydərov, 2. Tural Hümbətov, 6. Mikayıl Rəhimov, 20. Ruslan Zamanov, 3. Əlimirzə Daşzərini, 14. Ramal Hüseynov, 25. Elgiz Kərimli, 8. Qərib İbrahimov, 17. Akif Tağıyev, 5. Ruslan Nəsirli, 9. Vüqar Əsgərov.