Bakı yoxlama oyununda qalib gəldi
Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Bakı” ötən gün yoxlama görüşü keçirib. Azerisport.az xəbər verir ki, klubun təlim-məşq bazasının stadionunda keçirilən oyunda rəqib Qusarın “Şahdağ” komandası olub.
Maraqlı mübarizəyə səhnə olan qarşılaşmanın ilk hissəsində "zolaqlılar" böyük üstünlüyə yiyələnərək Risto Ristoviçlə hesabı açıb. İkinci yarıda cərimə meydançası daxilində Elmin Əsgərliyə qarşı kobudluğa görə təyin olunmuş penaltini Elvin Əliyev dəqiq tamamlayıb. Qusar təmsilçisi 69-cu dəqiqədə penaltidən hesab arasındakı fərqi azaldıb. Bununla belə, 78-ci dəqiqədə Elmin Əsgərli sol cinahdan verilən ötürməni qola çevirib – 3:1.
“Bakı” bu heyətlə mübarizə aparıb: Elxan Əhmədov, Vüqar Bəybalayev, Şəhriyar Əliyev, Yure Travner, Vüqar Mustafayev, Elton Hüseynov, Mario Horvat, Risto Ristoviç, Raul Yaqubov, Namiq Ələsgərov, Tural Qürbətov.
“Bakı” daha bir yoxlama görüşü keçirməyi hədəfləyir. Belə ki, baş məşqçi İbrahim Uzuncanın yetirmələri iyulun 30-da klubun təlim-məşq bazasının stadionunda “Zirə” komandası ilə növbəti sınaq oyununa çıxacaq. (klub saytı)