Adolf Hütter: Qarabağ Avstriyada top-klub ola bilər
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi olan Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adolf Hütter ölkəsinə qayıtdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, 1:2 hsablı məğlubiyyətə görə Avstriya mətbuatının tənqidlərinə belə münasibət bildirib:
"Mən mətbuatla razı deyiləm. "Qarabağ"a məğlubiyyət siz qeyd etdiyiniz kimi biabırçılıq deyil. Çünki "Qarabağ" yaxşı komandadı. Fikrimcə, bu komanda Avstriya çempionatında top-klub olardı. 90 dəqiqə ərzində çox yaxşı təsir bağışladıq. Nəticə oyunu əks etdirmir".
Baş məşqçi doğma meydanda "Zalsburq"un istəyinə çatacağına inandığını bildirib: "Düzdü, biz uduzduq, amma növbəti mərhələyə adlamaq üçün yaxşı şansımız var. Digər tərəfdən biz özümüz də belə bir məğlubiyyətlə üzləşəcəyimizi planlaşdırmırdıq. Cavab görüşündə hər şeyi öz xeyrimizə həll edə bilərik. Hər şeyə oyun günü aydınlıq gələcək".
Hütter rəqibi ciddiyə almadıqlarına dair sualı belə cavablandırıb: "Rəqibi düzgün qiymətləndirməməkdən söhbət gedə bilməz. Cütün taleyini Bakıda həll etmək istəyirdik. Amma alınmadı. İndi bunu ev oyununda etməliyik".
43 yaşlı mütəxəssis Azərbaycan çempionunun fanatlarından da danışıb: "Stadionda fantastik atmosfer var idi. Belə səs-küydə, təzyiq altında oynamaq heç də asan deyildi. Bu da oyunumuza təsir göstərdi".