UEFA Çixuranı 15 min avro cərimələdi
UEFA təmsilçimiz “Neftçi”nin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi “Çixura”nı cəzalandırıb. Azerisport.az xəbər verir ki, ali futbol qurumu “Bursaspor”la Avroliqa matçında baş verən hadisələrə görə “Çixura”nı 15 min avro məbləğində cərimələyib.
Buna səbəb kimi də Tiflisdə keçirilən qarşılaşmada gürcüstanlı azarkeşlərin meydana yad əşyalar atması və oyun zamanı pankartlar açaraq, siyasi şüarlar səsləndirməsi olub.
Bununla əlaqədar olaraq, "Çixura" rəsmisi Maksim Kvilitaya azarkeşlərə müraciət edib: "Azarkeşlərimizi siyasi şüarlar səsləndirməməyə çağırıram. "Neftçi" ilə cavab oyununda xüsusi UEFA nümayəndəsi olacaq. Əgər belə hal bir daha təkrarlansa, o zaman bütün Gürcüstan futbolu cəzalana bilər. Azarkeşlərimizdən xahiş edirəm ki, Azərbaycandan gələcək komandaya və azarkeşlərə hörmətlə yanaşaq".