"Neftçini keçəcəyimizə yüz faiz əmin deyiləm"
Serbiyanın "Partizan" klubunun müdafiəçisi Branislav Troykoviçin azerisport.az saytına müsahibəsi
- Bu həftə sizi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi" ilə ilk oyun gözləyir. Bu, sizin üçün köhnə tanış sayıla bilər...
- Bəli, elədi ki, var. "Partizan" sizin kluba qarşı Avroliqanın qrup mərhələsində oynayıb. Həmin oyunlar barədə məlumatım var.
- Deyəsən, siz həmin vaxt "Partizan"da deyildiz...
- Bəli. Mən həmin dövrdə "Voyvodina"da çıxış edirdim. Biz də Avroliqada oynayırdıq.
- Rəqib barədə nə deyə bilərsiz?
- Bilirəm ki, "Neftçi" ölkəsinin ən güclü klublarından biridi. Ona görə də biz bu görüşlərə çox ciddi hazırlaşırıq.
- Eşitdiyimizə görə, Serbiyada "Partizan" - "Neftçi" matçını səbrsizliklə gözləyirlər...
- Hamı başa düşür ki, bu oyunlar çətin olacaq. Xüsusilə də ilk oyun.
- "Neftçi"ni keçəcəyinizə əminsiz?
- Buna yüz faiz əmin olduğumuzu deməzdim. Çətin sınaq olacaq. Amma bizim hədəfimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqdı. İlk oyundan sonra çox şeyə aydınlıq gələ bilər.
- Son dövrlər "Partizan"da maliyyə problemlərinin olduğu bildirilir. Deyilənə görə, hətta oyunçular maaş ala bilmədiklərinə görə məşqə çıxmaqdan da imtina ediblər...
- Maaşımızın müəyyən hissəsi ödənilib. Fikrimcə, bütün problemlər öz həllini tapacaq. Çünki "Partizan" böyük klubdu.