Rahid Əmirquliyev: Seçmə mərhələdə belə oyunla heç nəyə ümid edə bilmərik
Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- Özbəkistanla qolsuz heç-heçəyə razılaşdığınız oyun haqda nə deyə bilərsiz?
- Evdə oynasaq da, asan olmadı. Komandamızda çoxlu yeni futbolçu var idi. Baş məşqçi onlara şans verdi. Pis oynadığımıza dair fikirlərlə razı deyiləm. Biz topa daha çox nəzarət edirdik. İki yaxşı qol vəziyyətimiz də oldu. Sadəcə, onları qola çevirə bilmədik.
- Bəs onda komanda niyə belə pis təsir bağışladı?
- Komanda üzvləri çoxdan idi bir yerdə olmurdu. Yeni mövsümdə ilk oyunumuz idi. Mövsümün başlanğıcı üçün normal haldı.
- Yeni futbolçular pis təsir bağışladılar. Güman etmək olar ki, onları bir də yığmada görmərik?
- (gülür) Bunu baş məşqçidən soruşmağınız yaxşı olardı. Yalnız o bu suala cavab verə bilər.
- Bu oyunla seçmə mərhələdə nəyə ümid etmək olar?
- Heç nəyə. Seçmə mərhələdə daha yaxşı oynayacağıq, buna borcluyuq.
- "Xəzər Lənkəran" da yeni mövsümə uğursuz başlayıb. Buna səbəb nədi?
- Ötənmövsümkü uğursuzluq hələ də bizi izləyir. Meydanda rəqiblərimizdən daha yaxşı oyun sərgiləsək də, qələbə qazana bilmirik. Ümid edirəm ki, növbəti oyunlarda bəxtsizliklə üzləşmərik.
- Qarşıda "Simurq"la oyun var...
- Zaqatalada oynamaq heç bir komandaya asan ola bilməz. Amma istənilən halda bizə 3 xal qazanmaq vacibdi. Növbəti xal itkisi bizi qətiyyən razı sala bilməz.
- Mətbuatda iki aydı maaş ala bilmədiyiniz deyilir. Doğrudu?
- İki ay? Yox, düz deyil. Bizdə maaşlarla bağlı elə problem yoxdu.