Böyükağa Hacıyev: İstefadan söhbət gedə bilməz
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
- Azarkeşlərdən üzr istəyirəm. Hamı bizdən qələbə gözləyirdi. Amma futbolda sürprizlər də olur. Nforun qırmızı vərəqə alması komandanı sındırdı. Kanales hesab 1:1 olanda qolu vursaydı, hər şey fərqli olacaqdı. Görünür, qismət deyilmiş. Heç oyuna şərh də vermək istəmirəm.
- Siz adətən, hər məğlubiyyətdən sonra istefa verərdiz...
- İstefadan heç bir söhbət gedə bilməz. Pley-offa çıxmaq heç də pis nəticə deyil. Qrup mərhələsinə vəsiqə qazanmaq istəsək də, alınmadı, nə etmək olar.
- Düşünmürsüz ki, Bertuççinin meydana çıxması özünü doğrultmadı?
- O, çox ambisiyalı futbolçudu. Vaxtilə Braziliya yığmasında çıxış edib və özünü o aurada hiss edir. Onun meydana çıxması mənim səhvimdi. Amma 0:1 uduzarkən oyunu dəyişmək üçün nəsə etməyə borclu idim.
- Belə oyunlarda həmişə komandanın liderləri ön planda olur. Amma siz bu cür liderləri dəyişdiz. Bunun səhv olduğunu düşünmürsüz?
- Siz Flavinyonun həmin Flavinyo olduğunu hiss etmirsiz. Mənim də səbrim bir yerə qədərdi. Braziliyalı belə oyunla özünü doğrultdu? Vobaya gəlincə, o, əvəzlənməsini özü istədi. Yorulduğunu bildirdi.
- Heyətdə çatışmazlıqlar var. Premyer Liqa üçün hansısa gücləndirmə işləri aparacaqsız?
- Xeyr. Azərbaycan çempionatı üçün kifayət qədər oyunçum var. Premyer Liqaya marağım təmiz "ölüb". Belə oyundan sonra çempionata köklənmək üçün mənə vaxt lazımdı.