Kanales: Azarkeşlər bir ay sonra əsl Kanalesi görə biləcəklər
"Neftçi"nin hücumçusu Nikolas Kanalesin azerisport.az saytına müsahibəsi
- "Simurq" üzərində qazandığınız qələbə (2:1) ilə bağlı nə deyə bilərsiz?
- Asan olmadı. Yaxşı oynadığımızı da deməzdim. Oyunla bağlı o qədər də yaxşı təəssüratlarımızın olduğunu deməkçətindi. Öz oyunumdan da razı qalmadım. Amma yaxşı ki, meydanı qələbə ilə tərk etdik.
- Azarkeşlər nə vaxt əvvəlki Kanalesi görə biləcəklər?
- Məni hər gün görmək olar (gülür). Amma ciddiyə qalsa, maksimum bir ay sonra.
- Komandanızın Avroliqanı tərk etməsi şok effekti yaratdı?
- Əlbəttə, məğlubiyyətin təsiri hələ də qalır. Amma biz əlimizdən gələni etməliyik ki, bütün diqqətimizi çempionata yönəldə bilək. Uzun müddət buna görə kefsiz olmağa dəyməz.
- Yəqin ki, siz Avroliqanın qrup mərhələsində oynamaq üçün gəldiyinizə görə ikiqat üzgünsüz...
- Mən bura qayıtdığım üçün sevinirəm. Əlbəttə, böyük ümidlərlə qayıtmışdım. Amma alınmadısa, nə etmək olar? Peşəkar futbolçu həyatı belədi, məğlubiyyətlərə görə çox üzülməyə dəyməz. İrəliyə baxmaq lazımdı.
- Bəs komandanızın qrup mərhələsinə vəsiqə qazanmasına nə mane oldu?
- Qazonun durumu məğlubiyyətimizdə böyük rol oynadı. Biz "Partizan"la mübarizəni ilk oyunda uduzmuşduq. Halbuki, həmin oyuna çox yaxşı başlamışdıq, iki qol vurmuşduq. Bu üstünlüyümüzü qorumağa həm təcrübə, həm də bəxt çatmadı.
- İkinci oyunda qol vurmaq üçün gözəl şansınız vardı...
- Həmin epizodda hər şeyi düz etdim. Amma rəqib qapıçı çox yaxşı oynadı.
- "Neftçi"nin bu heyətlə çempionluq şanslarını necə qiymətləndirərdiz?
- Hazırda "İnter"lə "Qarabağ" əsas rəqib göstərilsə də, digər komandalar da güclüdülər. Amma "Neftçi" də zəif komanda deyil.
- "Qarabağ"ın Avroliqanın qrupundakı şansları barədə nə düşünürsüz?
- Bu haqda xüsusi düşünməmişəm. Ancaq "Neftçi"nin şansları barədə danışıram, digər komandalar haqda yox. Amma onlara uğurlar arzulayıram.