Sergey Kravçenko: Püşk zamanı Qarabağla düşməyimizi arzulayırdım
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, hazırda Ukraynanın "Dnepr" klubunda çıxış edən Sergey Kravçenkonun azerisport.az saytına müsahibəsi
- Avroliqadakı qrupunuzu necə dəyərləndirə bilərsiz?
- Çətin qrupdu. Bunu elə komandalara nəzər salan kimi görmək mümkündü. Bütün rəqiblər güclüdülər. "İnter" Avropa nəhənglərindən biridi, artıq nəsə danışmağa ehtiyac da yoxdu. "Sent-Etyenn" Fransanın aparıcı klublarındandı. Elə 10 dəfə ölkəsinin çempionu olması hər şeydən xəbər verir. "Qarabağ" da Azərbaycan çempionudusa, deməli, çox ciddi rəqibdi. Unutmaq olmaz ki, heç bir komanda çempionluğu elə-belə qazanmır
- İndiki "Qarabağ" haqda nəsə bilirsiz?
- Düzünü desəm, oyunlarına baxmamışam. Nə vaxtım, nə imkanım olub. İndi bütün diqqətimiz növbəti oyuna yönəlib. Amma bundan sonra onların çıxışını izləməyə çalışacam. Vaxtilə mən də bu klubda oynamışam. İndiki "Qarabağ" haqda çox az məlumatım var. Bilirəm ki, çempion olublar, heyətlərində keyfiyyətli braziliyalı futbolçular çıxış edir.
- Adlarını bilirsiz?
- Xeyr.
- Nə vaxtsa ağdamlılarla Avroliqanın qrup mərhələsində üz-üzə gələcəyinizi düşünmüşdüz?
- Etiraf edim ki, püşk ərəfəsində səbətlərə baxarkən "Qarabağ"ın da adına rast gəldim və düşündüm ki, bu komanda ilə eyni qrupda yer almağımız pis olmazdı. Çünki yenidən Bakıda olmaq imkanı qazanacam. Axı orada mənim dostlarım var. Hər şey mən istədiyim kimi alındı. Buna görə də çox şadam.
- Ağdam klubunda çıxış etdiyiniz dövrlə bağlı hansı təəssüratlarınız qalır?
- Yaxşı. Mən orada cəmi 5 ay oynamışam. Amma xoş xatirələrim çoxdu. Bakıya və yerli həyata çox alışmışdım. Bakıda hər şey xoşuma gəlirdi. O vaxt dostlarım Denis Sokolovski, Aleksandr Voskoboynik də Azərbaycanda çıxış edirdi. Buna görə uyğunlaşma ilə bağlı problemim olmadı. Oyun planında da hər şey yaxşı idi. Daim oynayırdım. "Qarabağ" karyeramda böyük təkan olub.
- "Qarabağ"dan kimləri xatırlayırsız?
- Mərkəzdə Sokolovski ilə Aslan Kərimov oynayırdı. Aslan həm yaxşı futbolçu, həm də yaxşı insan idi. Namiq də həmçinin. Onunla bir-birimizi çox yaxşı anlayırdıq. Mətbuat xidmətində çalışan Asif vardı. Əla oğlandı. O, "Qarabağ"da mənə çox kömək edirdi. İnanıram ki, Bakıda bütün köhnə dostlarımı görə biləcəm.
- "Dnepr"də bilirlər ki, sən əvvəllər "Qarabağ"da oynamısan?
- Bəli, çoxu bilir. Amma təbii ki, keçmiş komanda haqda "Dnepr"ə verəcəyim heç bir məlumata malik deyiləm. Çünki mən orada 2005-ci ildə oynamışdım. Ağdamlıların indiki durumunu öyrənmək lazımdı. Ümid edirəm ki, oyunlarımız çox maraqlı olacaq. Yəqin ki, "Qarabağ" indi də Bakıda oynayır, hə?
- Bəli.
- Əla.