Amit Quluzadə: Karqbo məni Atletikoda görəndə çox təəccübləndi
Portuqliyanın "Atletiko" klubunun azərbaycanlı yarımmüdafiəçisi Amit Quluzadənin azerisport.az saytına müsahibəsi
- "Atletiko"ya keçidiniz necə alındı?
- Azərbaycan çempionatı başa çatandan sonra bir sıra təkliflər vardı. Onların arasında "Atletiko" da var idi. Qərar qəbul etmək üçün iki ay vaxtım vardı. Həmin müddət ərzində həm də viza problemimin yoluna qoyulmasını gözləyirdim. Hər şey yoluna qoyulandan sonra Portuqaliyaya gəldim və klubla müqavilə imzaladım.
- Türkiyəyə niyə getmək istəmədiz?
- Türkiyədən də iki təklif var idi. "Braqa" və Rumıniya "Otselul"u da mənimlə maraqlanırdı. Amma seçimimi "Atletiko"dan yana etdim.
- Sizcə, bu klubu seçməklə düzgün etmisiz?
- Bəli. Bilirəm ki, burada mənə çətin olmayacaq?
- Hazırda heç bir çətinliyiniz yoxdu?
- Dili bilmirəm. Amma bu da müvəqqətidi.
- Klubda sizi necə qarşıladılar?
- Əla. Mən o qədər də ünsiyyətcil deyiləm (gülür). Amma ingiliscə bilirəm.
- Sizə orada necə şərait yaradılıb?
- Ev veriblər. Evlə bazanı 5 dəqiqəlik yol ayırır.
- Maşınla?
- Xeyr. Velosipedlə. Burada buna daha çox üstünlük verirlər.
- Yaşayış necədi?
- Lissabonda Bakı ilə müqayisədə çox ucuzluqdu.
- Komandada kiminləsə yoldaşlıq edirsiz?
- Hələ ki, yox.
- Lissabonda daha çox "Sportinq"lə "Benfika" məşhurdu. Bəs "Atletiko"ya münasibət necədi?
- Doğrudan da bu şəhərin iki əsas komandası var. Bizim bazamız rayonda yerləşir. Oranın da əksər camaatı "Atletiko"ya azarkeşlik edir.
- "Bakı"nın sabiq futbolçusu İbrahim Karqbo da orada oynayır. Münasibətiniz necədi?
- O, məni burada görəndə çox təəccübləndi. Əla münasibətimiz var. Əla oğlandı.
- Debüt matçı öncəsi həyəcanlı idiniz?
- Elə də yox. Sadəcə, zədə aldığım üçün meydanı erkən tərk etməli oldum.