AFFA Böyük oyunla bağlı cəzaları açıqladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 40-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Saşa Stamenkoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Tyeqo de Xesus idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Simurq” – “Qəbələ” matçında “Simurq”un 5 , “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksandru Benqa idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 20-ci dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.