İsgəndər Cavadov: Yığma yerində sayan klublarımıza görə bu gündədi
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun azerisport.az saytına müsahibəsi
- Sentyabrın 19-da İsveçrədə ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edən tədbir keçiriləcək. Bakı AÇ-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən biri ola bilər. Nə gözləyirsiz?
- 13 uğursuz rəqəmdi. Amma mən ümid edirəm ki, Bakı həmin 13 şəhər sırasında yer ala biləcək. Azərbaycan futbolu üçün mühüm bir gün olacaq. Özü də bu, təkcə futbol baxımından əhəmiyyət daşımır. Bu, bütün ölkə üçün mühüm bir hadisə olacaq. Ona görə də qalib şəhərlər sırasında olmaq vacibdi.
- Bakının şanslarını necə qiymətləndirə bilərsiz?
- Stadion tezliklə hazır olacaq. Digər infrastruktur baxımından problemimiz yoxdu, ola da bilməz. Çünki Bakı 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək.
- Bir gün öncə, sentyabrın 18-də də "Qarabağ" Avroliqanın qrup mərhələsində debüt matçına çıxacaq, Fransa "Sent-Etyen"i ilə qarşılaşacaq...
- Rəqiblər çox güclüdü. Ağdamlılara uğurlu start arzulayıram. "Qarabağ" qrup mərhələsinə təsadüfən düşmədiyini təsdiqləməlidi. Qrup mərhələsinə vəsiqə qazanmağın böyük uğur olduğunu düşünmürəm. Avropa klublarının az qala yarısı bu turnirdə qüvvəsini sınayır. Artıq qrup mərhələsini necə keçmək haqda düşünmək lazımdı.
- "Qarabağ" qrupdan çıxa bilməsə, debütü uğursuz saymaq olar?
- Xeyr. İlk dəfə üçün istənilən halda normal nəticə sayılacaq. Uğursuzluq o halda olacaq ki, komanda növbəti mövsümdə bu uğurunu təkrarlaya bilməyəcək. Hər il bu turnirlərin iştirakçısı olmaq lazımdı. 20 il idi komandalarımızın qrup mərhələsinə vəsiqə qazanmasını arzulayırdıq. Ümid edirəm ki, qrupdan çıxmaq üçün də o qədər gözləməli olmarıq.
- Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsinə uğursuz başlamasına münasibətiniz necədi? Bundan sonra nə gözləyək?
- Bolqarıstanla oyundakı məğlubiyyət əlbəttə, pis nəticədi. Azərbaycan klublarının inkişaf etməməsi yığmamızdan da yan keçmir. Təəssüf ki, "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" və "Neftçi" inkişaf etmək əvəzinə, yerində sayır. Bütün bunların yığmaya təsiri böyükdü.
- Reynaldo hər şeyi dəyişə bilər?
- Reynaldo Messi və Ronaldo səviyyəsində futbolçu deyil ki, rəqib komandaları onunla qorxudaq. O, elə "Qarabağ"dakı kimi oynayacaq. Orada onu çox yaxşı başa düşən komanda yoldaşları var. Yığmada isə elələri olmayacaq. Tutaq ki, Reynaldo bir qol vurdu, müdafiə xətti üç qol buraxandan sonra nə mənası olacaq? Azərbaycan səviyyəsində, avrokubokların təsnifat mərhələsində yaxşı oynayır. Baxaq, görək o, qrup mərhələsində "Sent-Etyen", "İnter" kimi klublara qarşı necə mübarizə aparacaq.
- Siz ona inanmırsız?
- Düzünü deyim ki, Reynaldonun Premyer Liqamızdakı qədər uğurlu çıxış edəcəyinə inanmıram.