Namiq Ələsgərov: Sent-Etyenə qalib gəlsək, qrupdan çıxmağımız mümkündü
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovun azerisport.az saytına müsahibəsi
- Komandanız "Sent-Etyen"lə oyuna nə dərəcədə hazırdı?
- Tam hazırıq. Məşqlərdə çox ciddi hazırlaşmışıq.
- "Qarabağ"dan hansı nəticəni gözləyək?
- Biz qələbə qazanmaq istəyirik. Ancaq bu barədə düşünürük. Qrup mərhələsinə 3 xalla başlamaq əla olardı.
- Azarkeşlərin sizdən gözləntisi çoxdu. Bu, məsuliyyəti artırır?
- Bəli. Biz də onları sevindirməyi çox istəyirik. İlk oyundan onların dəstəyini hiss etmək istəyirik. Özü də ilk dəqiqədən sona kimi.
- Rəqibin adı sizi qorxutmur?
- Xeyr, heç nədən qorxmuruq. Qələbə qazanmaq üçün mübarizə aparacağıq.
- "Sent-Etyen" F qrupundakı digər rəqiblərinizdən nə ilə fərqlənir?
- Rəqiblərimizin hamısı çox güclüdü. "Sent-Etyen" də istisna deyil. Amma biz öz gücümüzə də inanırıq. Bütün rəqiblərimizlə sonadək mübarizə aparacaq gücdəyik.
- "Qarabağ" ilk oyunda qələbə qazansa, qrupdan çıxmağı bacara bilər?
- Əlbəttə. Niyə də yox? Sadəcə, ilk oyundan qələbə ilə ayrılmağa çalışmalıyıq.
- Sizi əsas heyətdə görə bilərik?
- Bilmirəm. Mənə hələ bu barədə heç nə deməyiblər.