Azərbaycanın AÇ-2020-yə ev sahibliyi etməsi bu gün dəqiqləşə bilər
Bu gün İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasda AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərin siyahısı müəyyənləşəcək.
Qalib şəhərlər Bakı vaxtı ilə saat 16:00-da başlayacaq mərasimdə elan olunacaq. Namizədlər arasında Azərbaycan paytaxtı Bakının da olması, futbol ictimaiyyətimizin bütün diqqətinin sözügedən tədbirdə olacağına işarədi.
Tədbirdə Azərbaycanı AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla, 11 nəfərlik nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, mərasimdə öncə yarımfinal və final oyunlarına ev sahibliyi edəcək şəhərlər bəlli olacaq. Həmin şəhərlər digər oyunlara ev sahibliyi edə bilməzlər.
Daha sonra 1/4 final oyunlarına və qrup mərhələsinin 3 oyunununa ev sahibliyi edəcək şəhərlər müəyyənləşəcək.
Ardından 1/8 final mərhələsinin oyunlarına və qrup mərhələsinin 3 oyununa ev sahibliyi edəcək şəhərlər müəyyənləşəcək. Lakin əvvəlki iki mərhələdən fərqli, bu dəfə seçiləcək şəhərlərin coğrafi mövqeyinə görə yaxın olmasına nəzar yetiriləcək.
Ən sonda isə qalan oyunların keçiriləcəyi şəhərlərin adları açıqlanacaq.
Qeyd edək ki, AÇ-2020 bütövlükdə Avropanın 13 şəhərində keçiriləcək. Bu şansı qazanmaq üçün Azərbaycan paytaxtı ilə yanaşı daha 18 namizəd şəhər var:
Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Brüssel (Belçika), Budapeşt (Macarıstan), Buxarest (Rumıniya), Qlazqo (Şotlandiya), Dublin (İslandiya), Yerusəlim (İsrail), Kardiff (Uels), Kopenhagen (Danimarka), London (İngiltərə), Minsk (Belarus), Münhen (Almaniya), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Skopye (Makedoniya), Sofiya (Bolqarıstan), Stokholm (İsveç).