Rəşad Sadıqov: Rəqibdən daha yaxşı oynadıq
Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
- Biz rəqibdən daha yaxşı oynadıq. Çoxlu hücumlar təşkil etdik. "Sent-Etyen" müdafiədən oynayırdı. Özü də bunu çox yaxşı bacarırdılar. Buna baxmayaraq, rəqib qapısı qarşısında az qol vəziyyəti yaratmadıq.
- Reynaldonun bu qədər qol epizodunu qaçırmasına səbəb nədi?
- Oyunlar bir-birinə bənzəmir. Ələ düşən bütün qol epizodlarını dəyərləndirmək mümkünsüzdü. Təəssüf ki, bu gün qol vura bilmədik. Amma hər kəs bundan ötrü bacardığını etdi.
- Sizcə, "Qarabağ"a bu oyunda qələbə qazanmaq üçün nə çatmadı?
- Futbolda elə bir qayda yoxdu ki, yaxşı oynayan, güclü tərəf həmişə qalib gəlsin. Sadəcə, qol vurmaq lazım idi. Çox yaxşı oynayıb, uduzduğumuz oyunlar da olub. Bu gün də yaxşı oynayıb, qalib gələ bilməməyimizi faciəyə çevirmək olmaz.
- Muarem Muaremin yerdə qaldığı epizodda topu meydandan çıxarmadız...
- Mən həmin epizodu görmədim. Özü də topla olan mən deyildim. Əks halda mütləq topu kənara vurardım.
- Çumbinyonun zədələnməsi "Qarabağ"ın oyununa təsir göstərə bilər?
- Əlbəttə, onun yoxluğu elə bu oyunda da özünü göstərdi, bundan sonra da göstərəcək. Çumbinyo komandanın əsas heyət oyunçularından biridi.