Bakı AÇ-2020-nin keçiriləcəyi 13 şəhərdən biri oldu!
Bu gün UEFA-nın İcraiyyə Komitəsi AÇ-2020-nin final mərhələsinin oyunlarını qəbul edəcək 13 assosiasiyanı seçib. Azerisport.az xəbər verir ki, seçilən şəhərlərin elan olunması mərasimi Cenevrə şəhərindəki Espace Hippomene Sərgi Mərkəzində, Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
AÇ-2020-nin oyunları 13 paketə bölünmüşdü: qrup mərhələsinin 3, pley-off (1/8 və 1/4 final) mərhələsinin isə 1 oyununun daxil olunduğu 12 standart paket və yarımfinal qarşılaşmalarının və final matçının daxil olunduğu 1 paket.
Standart paket üçün 19 assosiasiya sifariş sənədlərini təqdim etmişdi:
Azərbaycan (Bakı), İngiltərə (London), Belarus (Minsk), Brüssel (Belçika), Bolqarıstan (Sofiya), Makedoniya (Skopye), Macarıstan (Budapeşt), Almaniya (Münhen), Danimarka (Kopenhagen), İsrail (Yerusəlim), İrlandiya (Dublin), İspaniya (Bilbao), İtaliya (Roma), Hollandiya (Amsterdam), Rusiya (Sankt-Peterburq), Rumıniya (Buxarest), Uels (Kardiff), İsveç (Stokholm), Şotlandiya (Qlazqo).
Yarımfinal mərhələsinin oyunları və final matçı üçün sifariş sənədlərini iki assosiasiya təqdim etmişdi:
Almaniya (Münhen), İngiltərə (London).
Səsvermələrdən sonra yarımfinal mərhələsinin oyunları və final matçı Londona verilib.
Qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin 1 oyununu qəbul etmək şansını Münhen, Sankt-Peterburq, Roma və BAKI şəhəri qazanıb.
Qrup mərhələsinin 3 və 1/8 final mərhələsinin 1 oyununu Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Brüssel və Qlazqo şəhərləri qəbul edəcək.