Otqay Dərəlioğlu: Qarabağın bu uğurları mənim üçün təəccüblü olmadı
Futbol üzrə Türkiyə yığmasının və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Oqtay Dərəlioğlunun azerisport.az saytına müsahibəsi
- Azərbaycana səfəriniz necə keçir?
- Tanışlarımla bir neçə görüş keçirmişəm. Məni burada yaxşı qarşıladılar. Böyük diqqət göstərirlər. Mənim İngiltərə Premyer Liqasında məşqçi işləmək arzum var. Amma hər şey plan üzrə getsə, məşqçilik karyerama qardaş ölkə Azərbaycanda başlayacam. Bu ölkəni çox sevirəm.
- Konkret təklif var?
- Hələlik, bu barədə danışmaq istəmirəm. Fikrimcə, hansı kluba rəhbərlik etməyimdən asılı olmayaraq, burada uğur qazana biləcəm. İnanıram ki, burada dəstək alacam.
- Təsadüfən, "Bakı" ilə danışıq aparmırsız?
- Mənə Azərbaycan klublarından birinə rəhbərlik edəcəyim deyilib. "Bakı" haqda heç nə söyləməyiblər. Amma hər şey ola bilər.
- Bəs keçmiş klubunuz "Xəzər Lənkəran"la?
- Mən orada az uğur qazanmamışam. Amma düşünmürəm ki, orada çalışmaq şansı qazanım.
- Niyə?
- Mübariz Mənsimovla yaxşı tanışam. O, məni sevir. Amma müəyyən şeylər var ki, məndən asılı deyil. Bir sözlə, "Xəzər Lənkəran"ın baş məşqçisi olmayacağım dəqiqdi.
- "Qarabağ"ın Avroliqada Fransa "Sent-Etyen"i ilə oyununu izlədiz?
- Həmin vaxt təyyarədə idim. Amma onların çıxışını izləmişəm. Əla komandadı. Qurban Qurbanovu yaxşı tanıyıram. Yaxşı futbolçu olub. Artıq əminliklə yaxşı məşqçi olduğunu da demək olar. O, Azərbaycana hələ uzun müddət faydalı olacaq. "Qarabağ"ın uğurlu çıxışına gəlincə, bu, məni təəccübləndirmədi. Ümid edirəm ki, qrupdan çıxmağı da bacaracaqlar.