Əliyar Ağayev: Mübahisəli epizodların bəzisi ilə razıyam, bəzisi ilə yox
Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin azerisport.az saytına müsahibəsi
- "Bakı" "Xəzər Lənkəran"la oyunun bəzi mübahisəli epizodlarından ibarət videoçarx hazırlayıb. Ona baxmısız?
- Xeyr, baxmamışam və həmin epizodları şərh etmək fikrim də yoxdu. Hesab edirəm ki, normal oyun idarə etmişəm və hakim-inspektor da idarəçiliyimdən razı qalıb.
- Klubların hər oyundan sonra belə videoçarxlar hazırlamasına münasibətiniz necədi?
- Hərdən səhvlərin olduğunu inkar etmirəm. Onların bəzisi ilə razıyam, bəzisi ilə yox. Hərdən meydanın mərkəzində iki futbolçu toqquşur. Klubların fikrincə, hakim həmin epizodda oyunu dayandırmalıdı. Halbuki, həmin epizod oyuna, nəticəyə heç bir təsir göstərmir.
- Yeri gəlmişkən, sizi Çempionlar Liqasının oyununa təyinat almağınız münasibətilə təbrik edirik...
- Sağ olun. Bu, sözügedən turnirdəki ilk matçım deyil. Ötən il də ÇSKA - "Bavariya" oyununu idarə etmişdim.
- Bu, gələcəkdə sizə hansısa bir şans yaradır?
- Belə oyunlara ikinci və üçüncü kateqoriyalı hakimlər təyinat alır. Yalnız final oyununa birinci kateqoriyadan hakimlər dəvət olunur. Qiymətin nə qədər yüksək olursa, bir o qədər əlavə şans qazanırsan.
- Bu mövsüm çempionat oyunlarına görə tez-tez tənqid olunursuz. Siz öz idarəçiliyinizdən razısız?
- Bütün oyunları ümumiləşdirsək, normal idarə ediyimi düşünürəm. Tənqidlərə gəlincə, müasir dövrün hakimliyini bunsuz təsəvvür etmək mümkün deyil. Ədalətli tənqid bizim xeyrimizədi.