Miron Markeviç: Qarabağ ilə oyunlarda maksimum xal toplamaq istəyirik
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- "Qarabağ" Avroliqanın ilk iki oyununa əsasən sizdə necə təsir bağışlayıb?
- Bu komanda öncə evdə "Sent-Etyen"lə qolsuz heç-heçə oynadı. Amma oyununa görə qələbə qazanmalıydı. Ardından isə səfərdə "İnter"ə uduzdu. Həmin oyunda da milanlıların böyük üstünlüyünün olduğunu demək olmazdı. "Qarabağ" yaxşı komplektləşmiş komandadı. Heyətində xeyli braziliyalı futbolçu çıxış edir. İki heyəti var, biri çempionatda, digəri Avroliqada oynayır. Bu iki turnir üçün heyətdə çoxlu dəyişiklik edirlər. Pley-off mərhələsində güclü Hollandiya klubunu üstələməsi də "Qarabağ"ın yaxşı formada olmasından xəbər verir.
- Zozulya son çempionat oyununu buraxıb. O, "Qarabağ"la görüşə hazır olacaq?
- Xeyr, o, "Qarabağ"la görüşdə də bizə kömək edə bilməyəcək.
- Heyətdə başqa hansısa problem var?
- Xeyr, bu oyun üçün nəzərdə tutduğumuz qalan bütün oyunçular sıradadılar.
- Turnir vəziyyətinizi nəzərə alsaq, sizə "Qarabağ"la oyunlarda maksimum xal toplamaq lazımdı...
- Əlbəttə, bunu biz də istərdik. Aydın məsələdi ki, qarşıdakı oyunlarda çox şeyə aydınlıq gələcək.