Namiq Yusifov: Dneprə qalib gələ bilərik
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovun azerisport.az saytına müsahibəsi
- Kiyevə oyundan bir gün öncə getməyiniz gec deyil?
- Bu suala mən cavab verə bilmərəm. Belə qərarları komandanın baş məşqçisi Qurban Qurbanov qəbul edir.
- “Dnepr”lə oyundan nə gözləyirsiz?
- Bu komandanın nəyə qadir olduğunu hamı bilir. Biz də hər şeyi gözəl başa düşürük. Rəqibimiz Ukrayna çempionatının lideridi. Hesab edirəm ki, bu oyun klubumuzun tarixində ən çətin səfər oyunlarından biri olacaq.
- Hətta Milan “İnter”i ilə səfər oyunundan da?
- Bəli. Buna əminəm.
- Bu komandaya qarşı xüsusi nəsə hazırlıq görmüsüz?
- Çıxıb öz oyunumuzu oynayacağıq. Məşqçilərimiz rəqiblərimizi həmişə diqqətlə izləyib, analiz edirlər. Bizə artıq bu komandanın hansı zəif və güclü tərəflərinin olması barədə məlumat verilib.
- Həyəcan var?
- Xeyr. Məsuliyyət hissi isə böyükdü.
- “Qarabağ”ı Kiyevdə hansı nəticə qane edəcək?
- Ən azından bir xalla qayıtmağa çalışacağıq. Yalnız o halda qrupdan çıxmaq barədə düşünə bilərik. Amma qələbə də qazana bilərik.
- “Dnepr”in futbolçuları sanki “Qarabağ”a yuxarıdan aşağı baxırlar...
- Qoy baxsınlar. Bu, bizə qətiyyən pis təsir etmir.
- Sizi ilk dəqiqələrdən meydanda görə bilərik?
- Bir neçə gün məşq etmədim. Amma şans verilsə, oynamağa hazıram.
- Kiyevdə rəqibin azarkeşsiz olması sizin xeyrinizə ola bilər?
- Biz artıq böyük stadionlarda güclü azarkeş qarşısında oynamağa alışmışıq. Öz azarkeşlərimiz də olacaq. Fikrimcə, bu, bizim üçün əlavə stimul olacaq.