Azərbaycan yığması FİFA reytinqində oktyabrın ən pis komandası oldu
Futbol üzrə Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində növbəti geriləmə ilə üzləşib. Azerisport.az xəbər verir ki, oktyabr ayı üçün açıqlanan reytinq cədvəlində millimiz 31 pillə geriləmək məcburiyyətində qalıb.
İtaliya (1:2) və Xorvatiya (0:6) ilə seçmə mərhələ oyunlarındakı məğlubiyyətlər komandamızın hazırda 126-cı pillədə qərarlaşmasına səbəb olub. Ötən ayla müqayisədə reytinq xalından da 111 xal çıxılan millimizin hesabında hazırda 233 xal var.
Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupundakı rəqiblərindən yalnız Maltanı qabaqlayır: İtaliya 11-ci (1064 xal), Xorvatiya 14-cü (1002 xal), Bolqarıstan 59-cu (532 xal), Norveç 68-ci (481 xal), Malta 157-ci (129 xal) pillədə qərarlaşıb.
Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 19-cu pillə, 920 xal. Rusiya isə 30-cu (792 xal) pillədə qərarlaşıb. Özbəkistan 65-ci (498 xal), Ermənistan 75-ci (432 xal), Estoniya 88-ci (369 xal), Litva 92-ci (364 xal), Latviya 99-cu (340 xal), Belarus 106-cı (301 xal), Gürcüstan 117-ci (271 xal), Moldova 119-cu (262 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Qazaxıstan (132; 218), Tacikistan (134; 214), Türkmənistan (138; 197) və Qırğızıstan (150; 158) isə millimizdən alt sıralarda qərarlaşıb.
Ayın ən yaxşı göstəricisi 73 pillə irəliləmiş Toqo yığmasına məxsusdu.
İlk onluq isə belə sıralanıb: Almaniya (1669 xal), Argentina (1565), Kolumbiya (1420), Belçika (1388), Hollandiya (1375), Braziliya (1307), Fransa (1191), Uruqvay (1184), Portuqaliya (1175), İspaniya (1119).