Qurban Qurbanov: Məni narahat edən Dneprlə cavab oyunudu
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində keçirilən “Dnepr” matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis Ukrayna klubu üzərindəki 1:0 hesablı qələbəni belə şərh edib:
“Çətin oyunlardan biri idi. Əvvəlcədən də rəqibin nəyə qadir olduğunu bilirdik və bu səbədən də oyuna çox ciddi hazırlaşmışdıq. Azarkeş dəstəyi hiss olunurdu. Təəssüf ki, stadion tam dolu deyildi. Tamaşaçılar çox olsaydı, daha maraqlı olardı. Yekunda, layiqli nəticə qazandıq”.
Qurbanov komandasının qrup mərhələsini neçənci yerdə bitirəcəyi ilə bağlı danışmağın hələ tez olduğunu bildirib: “Qrupu neçənci yerdə bitirəcəyimizlə bağlı danışmaq çətindi. Hər oyun həlledici rol oynayır. Hazırda qrupu necə bitirəcəyimizlə bağlı fikirləşmirəm. Məni narahat edən “Dnepr”lə növbəti oyundu. Ola bilsin ki, rəqib səhvlərimizi bağışlamayacaq. Jurnalistlərə demək istəyirəm ki, 2-ci yer məsələsini elə də çox yazmasınlar. Oyunçularım özlərini pis hiss edə bilərlər. Biz hamımız növbəti oyun barədə fikirləşməliyik”.