Rəşad Sadıqov: Dneprin futbolçuları hərdən feyr-pleyi unudurdu
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı keçirdikləri oyundan (1:0) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox çətin və vacib oyun idi. Rəqibin heyəti çox güclüdü. Komanda Ukrayna çempionatında çox yaxşı çıxış edir. Oyunlarına baxmışdıq, çox asan qələbələr qazanırdılar. Rəqibdən bir qədər çəkinirdik. Amma oyunun ilk dəqiqələrindən etibarən bu hissi özümüzdən uzaqlaşdırmağa çalışdıq. Əsas məqsədimiz uduzmamaq idi. Gözlənilməz qələbə qazandıq, çox şadıq. Matçda elə epizodlar olurdu ki, rəqib feyr-pleyi unudurdu. Çox sərt oynayırdılar. Zədəli futbolçumuz olanda topu meydandan çıxarırdıq, amma onlar topu bizə qaytarmırdılar. Bunu başa salmağa çalışsaq da, topu verməyəcəklərini görüb, oyunumuzu davam etdirdik".