Qarabağ rəhbərliyi yeni transfer etməyə hazırdı
Azərbaycan çempionu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bəyan edib ki, komanda Avropa Liqasının pley-off mərhələsinə yüksəlsə, yeni transferlər etmələri istisna deyil. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında baş məşqçi Qurban Qurbanovun yığmaya mümkün gedişindən də danışıb:
"Biz həmişə Qurban Qurbanova inanmışıq, yenə də inanırıq. O, ehtiyac duyarsa, transfer edilə bilər. Qurbanovun yığmaya getməsinə gəlincə, o, müstəqil insandı, seçim hər zaman onun ixtiyarındadı. Bir məsələ də var, baş məşqçi hər zaman futbolçularını nəzarətdə saxlamalıdı: nə yeyirlər, nə içirlər, rejimə necə riayət edirlər və s. Bu baxımdan, Qurban hoca həm millidə, həm də "Qarabağ"da işləyə bilərmi - bunu bilmirəm. Bugünkü "Qarabağ" onun əsəridi. Bizdə bir məsəl var: o, nə eylərsə, gözəl eylər. Mən də deyirəm ki, Qurban hoca ağıllı, məntiqli insandır, ən gözəl variantı seçəcək. Əlbəttə, mənim şəxsi istəyim "Qarabağ"da qalmasıdı. Ancaq ona duyduğum hörmətə görə deyirəm ki, seçimi özü etsin və tam müstəqil qərarla "Qarabağ"da qalsın".