Elvin Yunuszadə: Bakıya məğlubiyyətdən qorxmuruq
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- İlk dövrəyə əsasən "Neftçi"nin sabit çıxış etdiyini demək olmaz. Bunu baş məşqçi dəyişikliyi ilə bağlamaq olar?
- Mənə elə gəlir ki, Arif Əsədovun gəlişindən sonra hər şey yaxşıya doğru dəyişməkdədi. Əlbəttə, hər bir məşqçinin öz fəlsəfəsi olur. Amma məncə, bizdə hər şey yaxşı olacaq.
- "Neftçi"də mütəmadi qol vuran futbolçu yoxdu. Nikolas Kanales də əvvəlki formasından çox uzaqdı...
- Ona vaxt vermək lazımdı. Kanales güclü hücumçudu. O, gələcəkdə bizə kömək edə biləcək.
- "Neftçi" son oyunda yenə qələbəsiz qaldı...
- "İnter"in özünəməxsus taktikası var. Buna görə də onlara qarşı oynamaq həmişə çətin olur. Ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik. Əks halda qalib gələ bilərdik.
- Ev oyununda heç-heçə xal itkisi sayıla bilər?
- "İnter" güclü rəqibdi. Amma qol vəziyyətlərini nəzərə alsaq, xal itirdiyimizi demək olar.
- İkinci dövrəyə "Bakı" ilə oyunla başlayacaqsız. Bu komandaya məğlubiyyətdən qorxmursuz?
- Xeyr, məğlub olmaqdan qorxmuruq. Əksinə, qələbəyə inanırıq. Bu qələbə bizim turnir cədvəlindəki mövqeyimizi də yaxşılaşdıracaq. Ancaq qələbə üçün oynayacağıq.
- Yığmamızı AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyuna Mahmud Qurbanov çıxaracaq. Siz ondan nə gözləyirsiz?
- O, futbolçularımızın imkanlarına yaxşı bələddi. İnanıram ki, Qurbanov futbolçuları Norveçlə oyuna yaxşı hazırlaşdıra biləcək və komanda uğurlu oyun sərgiləyəcək.