Jaba: Azərbaycan Premyer Liqası zəifləyib
"Bakı"nın hücumçusu Jabanın azerisport.az saytına müsahibəsi
- "Neftçi"yə məğlubiyyətə nə səbəb oldu?
- Güclü komandaya qarşı oynayırdıq. İlk yarıda qol buraxsaq da, toparlana, rəqibə cavab verə bildik. Amma heç-heçə hesabını qoruya bilmədik. Qapımıza endirilən hər üç zərbə qolla nəticələndi.
- Siz bu oyunda daha çox ofsayda düşməklə yadda qaldız...
- Yan xətt hakimi 10 ofsayd qeydə aldı, amma onlardan yalnız ikisi düzgün qərar idi.
- "Neftçi"nin belə müdafiəsinə qarşı "Bakı" daha yaxşı oynaya bilərdi...
- Əlbəttə. Amma "Neftçi" bütövlükdə bizdən güclüdü. Onlar daha təcrübəlidilər. Amma bizdə daha çox gənclərdi.
- Yəni, bu gün təcrübə qalib gəldi?
- Elədi ki, var.
- Bir neçə il idi Azərbaycanda deyildiz. Çempionatda nə dəyişib?
- İndi bir qədər zəifləyib.
- Niyə belə düşünürsüz?
- Siz əvvəllər tribunaya nə qədər azarkeş gəldiyini xatırlayırsız? Düzdü, onda da arenalar tam dolmurdu, amma indikindən çox idi. İndi ümumiyyətlə heç kim gəlmir. Məsələn, Lənkəranda oynamaqdan həzz alırdıq. Amma sonuncu dəfə ora gedəndə belə şey görmədim. Əvvəllər çempionluq uğrunda altı komanda mübarizə aparardı, indi isə "İnter"lə "Qarabağ"dı.
- Amma geridə qalan müddətdə iki Azərbaycan klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb...
- Bu, klublarda aparılan işlərin düzgün olmasının göstəricisidi, çempionatın yox.
- Siz "Bakı"da doğrudan da pulsuz çıxış edirsiz?
- Mənə Hafiz Məmmədovun bircə sözü bəs idi. Braziliyada sabit çıxış edirdim. İndi isə "Bakı"ya kömək etməyə gəlmişəm.
- Ola bilər ki, maliyyə problemləri tezliklə sizi də bezdirsin?
- "Bakı"da iki oyun keçirmişəm, birində udmuşuq, digərində uduzmuşuq. Özü də "Neftçi"yə uduzmuşuq. Onların oyunçuları 600-700 min dollar alır, bizim uşaqlar 300-400 manat. Amma mən "Bakı"da hər şeyin qaydasına düşəcəyinə əminəm.