Qarabağdan azarkeşlərə bilet xəbərdarlığı
Məlum olduğu kimi, noyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ" - "Dnepr" oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu oyun öncəsi azarkeşlərə müraciət ünvanlayıb.
Müraciətdə bildirilir: "Adıçəkilən yarışda uğurla çıxış edən komandamız hazırda turnir cədvəlində 2-ci sırada qərarlaşıb. Bütün Azərbaycanın qüruru olan "Qarabağ"ımızın avrokubok oyunlarına hədsiz marağın olması bəzi xoşagəlməz halların müşahidə olunmasına səbəb olub. Xüsusilə, qeyri-qanuni bilet alveri, saxta bilet satışının ehtimalını nəzərə alaraq "Qarabağ" Futbol Klubu xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.
Belə ki, "Qarabağ" - "Dnepr" oyununun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi "Qarabağ" üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil.
Bütün ictimaiyyətdən xahiş edirik ki, bileti hansısa fərdi şəxslərdən yox, Respublika stadionun kassalarından alasız. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.
Biletlər bazar ertəsi, noyabrın 3-dən, saat 9:00-dan etibarən satışa çıxarılacaq". (klub saytı)