Edin Nuredinoski: Bakının qapıçıya ehtiyacı yoxdu
Futbol üzrə Makedoniya yığmasının və "Bakı"nın sabiq qapıçısı Edin Nuredinoskinin azerisport.az saytına müsahibəsi
- Hazırda nə işlə məşğulsuz?
- İndi komandasızam. Amma fərdi şəkildə məşqlərimi davam etdirirəm.
- Amma bildiyimizə görə, "Bakı"dan ayrılandan sonra yerli "Vardar"la danışıqlar aparmısız...
- Alınmadı. Hazırda azad agentəm. Təəssüf ki, yaxşı təklif irəli sürən yoxdu. Ona görə də heç bir klubla danışıqlar aparmıram.
- Azərbaycandan da sizə dəvət olmayıb?
- Xeyr.
- Hətta "Bakı"dan da?
- Bəli, onlardan da.
- Bu klubdakı indiki vəziyyətdən xəbəriniz var?
- Eşitmişəm ki, komandada maliyyə problemləri var. "Bakı"ya ancaq uğurlar arzulaya bilərəm.
- Siz də bu problemlərə görə paytaxt klubunda ayrıldız?
- Xeyr. Mənim maliyyə ilə bağlı heç bir problemim yox idi. Sadəcə, müqavilənin müddəti başa çatmışdı. Bildiyimə görə, müqavilə müddəti başa çatanların hamısı gedib. Kimlərin müqaviləsi var idisə, onlar qalıb. Başqa heç nə yox idi. Mən hələ də bu komandanın çıxışını izləyirəm. Canlı olmasa da, oyunlarının icmalına baxıram.
- Jaba bu yaxınlarda paytaxt klubuna geri qayıtdı. Onun sözünə görə, klub prezidentinin bir zəngi "Bakı"ya dönməsinə bəs edib...
- Belə bir addım hörmətə layiqdi. 100 faiz əminəm ki, onun bu qayıdışı komandaya kömək edəcək. Ümid edirəm ki, komanda xallar qazanacaq.
- Sizə də belə təklif gəlsə, razılaşarsız?
- (bir az düşünür) Fikrimcə, "Bakı"nın qapıçıya ehtiyacı yoxdu. Onların komandanın qapısını qoruyacaq Aqil Məmmədov kimi qapıçısı var. İnanıram ki, "Bakı"da hər şey yoluna düşəcək. Çünki bu klub Azərbaycanda ən iddialılardan olub. Keçmiş komandama uğurlar arzulayıram.