Qara Qarayev 2014-cü il üçün yığmamızın ən yaxşı futbolçusudu
2014-cü il futbol üzrə Azərbaycan yığması üçün bitmiş sayıla bilər. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə Bakıda baş tutan AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki Norveçlə oyun millimiz üçün ilin son qarşılaşmasıydı.
Qeyd edək ki, Azərbaycan yığması bu il 8 oyun keçirdi. Onlardan sadəcə, birində qalib gələn komandamız bir heç-heçəyə imza atdı, qalan 6 görüşündə isə məğlubiyyətlə üzləşdi.
Geridə qalan 8 oyunda millimizin formasını 32 futbolçu geyinib. Onlardan 15-i ən azı 4 oyunda meydanda olub. Həmin futbolçular arasında yüksək qiymət alan futbolçuların siyahısını hazırlamağa qərar verdik və ən yaxşı oyunçunu müəyyənləşdirdik.
Ən yüksək qiymət alan futbolçu "Qarabağ"ın dayaq yarımmüdafiəçisi Qara Qarayevdi. O, həm də Dmitri Nazarovla birgə ən çox oyun (7 oyun) keçirən futbolçumuzdu. Kamran Ağayev, Bədavi Hüseynov, Rauf Əliyev, Rəşad Sadıqov və Araz Abdullayev isə altı oyunda iş başında olub.
Bütövlükdə, geridə qalan oyunlarda topladıqları orta qiymət sıralamasındakı ilk beşlik aşağıdakı kimidi:
Qara Qarayev — 4,58
Kamran Ağayev — 3,41
Vaqif Cavadov — 3,40
Araz Abdullayev — 3,20
Rəşad Sadıqov — 3,08
Ən aşağı qiymətə layiq görülən beş futbolçu isə bunlardı:
Rauf Əliyev — 2,83
Ruslan Abışov — 2,80
Rahid Əmirquliyev — 2,75
İlkin Qırtımov — 2,50
Rasim Ramaldanov — 2,0