Mahir Mədətov: Slovakiya üzərində qələbəni əldən versəydik, böyük məyusluq olacaqdı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Mahir Mədətovun azerisport.az saytına müsahibəsi
- U-19-un AÇ-nin elit mərhələsinə yüksəlməsini necə şərh edə bilərsiz? Təəssüratlar necədi?
- Çox yaxşıdı. Demək olar ki, artıq dörd ildi eyni yığmada oynayırıq. Bu uğur da bizim çəkdiyimiz əziyyətin bəhrəsidi. Bu mərhələni keçəcəyimizə inanırdıq. Çox istədik və oldu.
- Macarıstanla ilk oyun necə keçdi (1:1)?
- Bu komanda ilə heç-heçə bizdə inam yaratdı. Amma ikinci oyunumuz dəhşətli alındı. Slovakiya ilə həmin oyunu heç xatırlamaq istəmirəm. Sloveniya ilə görüş isə həlledici xarakter daşıyırdı. Uşaqlar elə düşünürdülər ki, Slovakiya son matçında Macarıstana uduzacaq və növbəti mərhələyə bu iki komanda adlayacaq. Amma slovaklar təmiz futbol oynadılar və qazandığımız qələbə sayəsində növbəti mərhələyə biz yüksəldik.
- İlk iki oyunda niyə oyununuz alınmadı?
- Bizim hədəfimiz yaxşı futbol sərgiləmək idi. Biz sanki özümüzü yandırdıq. Son matçda başa düşdük ki, itiriləsi heç nəyimiz yoxdu. Sadəcə, meydana çıxıb qələbə qazanmaq lazım idi.
- Sloveniya ilə oyunda ilk yarıda 3 cavabsız qol vursaz da, ikinci yarıda 2 qol buraxdız. Arxayınlıq yarandı?
- Düzünü deyim ki, mən hətta qələbənin əldən gedəcəyini düşünürdüm. Əgər Macarıstan uduzsaydı, biz qələbə qazana bilməsəydik, böyük məyusluq olacaqdı. Son dəqiqələrdə daha çətin idi. Amma biz qapımızı qoruya bildik və qələbəni təmin etdik.
- Sizdən öncə U-17 yığmamız da elit raunda yüksəlmişdi. Bu, sizin üçün stimul olmamışdı?
- Deməzdim. Amma onlara görə sevinmişdik. Bu, Azərbaycan futbolu üçün böyük uğurdu. Qardaşlarımıza inanırdıq.
- Elit mərhələdə hədəfiniz nə olacaq?
- Biz elit mərhələyə çıxmaqla kifayətlənmək fikrində deyilik. İstəyirik ki, ən azı ikinci yeri tutan komandalardan olaq.
- "Lans"a nə vaxt gedəcəksiz?
- Mənim 18 yaşım tamam olanda. Sadəcə, orada indi anlaşılmaz vəziyyət yaranıb. Pul yoxdu.