Rahid Əmirquliyev: Bütün günahı bir nəfərin üstünə atmaq olmaz
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- "İnter"ə məğlubiyyətinizi necə şərh etmək olar?
- İlk qolu öz səhvimizdən buraxdıq. Ondan sonra üstünlüyü ələ almaq istəsək də, rəqib buna imkan vermədi. Mənə elə gəlir ki, pis oynamadıq. İkinci hissədə daha yaxşı oynasaq da, oyunda dönüş yaratmaq mümkün olmadı.
- Əfran İsmayılov komanda yoldaşlarının çıxışından narazı qaldığını bildirdi. Bəs siz?
- Komandamızın hər bir üzvü bu uğursuzluqlardan dərs çıxarmalıdı. Bütün günahı bir nəfərin üstünə atmaq olmaz. Sadəcə, hər kəs öz üzərində çalışmalıdı.
- XL təkcə "İnter"ə qarşı yox, həm də "Qarabağ"a qarşı zəif oynamışdı...
- Oyundan sonra biz öz səhvlərimizi analiz edirik. Bilirik ki, harada nəyi dəyişməliyik. Amma oyuna çıxırıq, yenə eyni səhvlər təkrarlanır.
- "İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin hərəkətini necə qarşıladız?
- Mən həmin anı özüm görməmişəm. Amma mənə dedilər ki, o, artıq hərəkətlər edib. Sxadadze başa düşməlidi ki, o, əcnəbidi və burada çörək qazanır. Biz də öz meydanımızda onlara qalib gəlmişdik. Amma elə hərəkət etməmişdik.
- Qarşıdakı "Neftçi" ilə oyundan nə gözləyirsiz?
- Biz yaxşı nəticəyə nail olmaq üçün çalışacağıq. Baxmayaraq ki, bu rəqibimizi doğma meydanda yox, neytral meydanda qəbul edəcəyik.