Georgi Çixradze: Simurq layiq olduğu qələbəni əldə etdi
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun çox maraqlı alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Komandalar çox sayda qol epizodu yaratdı. Bu gün bizim komandamız mübarizə apardı, qalib gəlməyə çalışdı. Düşünürəm ki, “Simurq” layiq olduğu qələbəni əldə etdi. Azarkeşlərin də bu oyundan razı qalacağını təxmin edirəm. Son 3 oyunda rəqibi qarşılamağa çalışır və qapıya zərbələr endirmək üçün çalışırıq. Bu gün də eyni işi gördük və 3 qol vurduq. Komandamı oyuna necə hazırladığımı danışsam, bəlkə də sizin üçün maraqsız olar. Əsas məsələ komandanı oyuna yaxşı hazırlamaq və rəqibin zəif nöqtələrini tapmaqdır”.