Robert Prosineçki: Heç vaxt bir oyunda 4 qırmızı vərəqə görməmişdim
Xorvatiyalı futbol mütəxəssisi Robert Prosineçkinin azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran" - "Neftçi" matçını izlədiniz. Təəssüratlarınızı bilmək istərdik...
- Burada qarşılanmağımdan tutmuş hər şey xoşuma gəldi. Burada ilk dəfə oyun izlədim. Hər şeyi bəyəndim. Oyuna gəlincə, birinci hissə xoşuma gəldi. İkinci hissədə isə çoxlu qırmızı vərəqə vardı. Əvvəllər heç vaxt bir oyunda 4 qırmızı vərəqə görməmişdim.
- Sizin Azərbaycan yığmasına baş məşqçi təyin olunacağınıza nə vaxt aydınlıq gələcək?
- Mən burada bir neçə gün qalacam. Səfərimizin sonunda AFFA ilə bu məsələyə yekun qərar verəcəyik.
- Hansı şərtlər əsasında qalmağı düşünürsüz?
- Hələ bu barədə danışmaq istəmirəm. Əgər burada çalışası olsam, ailəmlə Azərbaycanda qalacam. Gördüklərim ürəyimcədi. Azərbaycanın digər çempionatlarının da oyunlarına baxacam.
- Deyirlər ki, siz nəsə xoşunuza gəlməyən kimi istefa verib gedirsiz. Bu, belədi?
- Xeyr, bu düz deyil. Səbəbsiz getmərəm. Kayseridə mənim belə bir səbəbim vardı. Burada isə hər şey fərqlidi.
- Eşitdiyimizə görə, "Qarabağ"ın Avropa Liqası çərçivəsində "Sent-Etyen"lə oyununu izləmək üçün Fransaya gedəcəksiz...
- Bəli.
- Yığmamızın Xorvatiyaya 0:6 hesablı məğlubiyyətini yəqin ki, görmüsüz. Sizcə, millimizdə nə çatışmırdı?
- Bilirsiz, futbolda belə hallar olur. Azərbaycan həmin görüşdə yaxşı oynadı. Mən kömək etməyə çalışacam ki, belə hallar olmasın. Fikrimcə, Azərbaycan yığması bacardığı oyunu nümayiş etdirə bilmədi. Komandanızın belə bir potensialı var.
- Bəlkə, yığmamızı məhz siz çalışdıracağınızı deyəsiz?
- Bir az da səbr etmək lazımdı. Şəhəriniz xoşuma gəldi. Amma yekun qərar öncəsi yenə görüş keçirəcəyik.
- Əfran İsmayılov qırmızı vərəqə aldıqdan sonra tribunanı tərk etdiniz. İntizam xoşunuza gəlmədi?
- Belə davranışdan razı qala bilmərəm. Amma Əfranla yanaşı başqa futbolçular da xoşuma gəldi.