Böyükağa Hacıyev: Bu, bizim məşqçilərə qarşı hörmətsizlikdir
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev AFFA-da məşqçilərlə keçirilən görüşdən danışıb. Azerisport.az saytına müsahibəsində məşqçi AFFA-nın baş katibi Elxan Məmmədovun yığmanın gələcəkdə inkişaf strategiyasından söhbət açdığını bildirib:
"Milliyə təyinat hələ olmayıb. Azarkeşlər səbrsizliklə yeni məşqçinin adını gözləyir. Lakin biz daha çox yığmanın gələcəyi və biz məşqçilərin bu işdə rolu barədə müzakirə apardıq. Görüş səmərəli oldu, sadəcə? nəticə barədə danışmaq bir qədər tezdir. Yəqin, görüşlərimiz mütəmadi xarakter daşıyacaq".
Böyükağa Hacıyev xorvat məşqçi Robert Prosineçkinin milliyə namizədliyi barədə fikirlərini bildirib: "Siz məndən soruşur Arsen Venger danışım. Qvardiola və ya digərləri barədə fikirlərimi deyə bilərəm. Amma Prosineçkini tanımıram. Onun dosyesi mənə məlum deyil. Məşqçilik karyerası yəqin ki, o qədər zəngin olmayıb. Belədə tanımadığım məşqçi haqda danışa bilmərəm. Hər halda təyinat rəsmiləşməyib. Əgər rəsmiləşsə biz yalnız uğurlar arzu edə bilərk. Milli hamımızın sevimli komandasıdır. Azərbaycan millisindən hər zaman uğur gözləyirik. Kim çalışmasından asılı olmayaraq komanda bizimdir".
Hacıyev AFFA tərəfindən millinin baş məşqçi postuna 20 namizədin olduğunu? amma onlar arasında yerli məşqçinin olmamasını qəbul edə bilmir. "Neftçi"nin sabiq çalışdırıcısının fikrincə bu hərəkət Azərbaycan məşqçilərinə qarşı hörmətsizlikdir: "Eşitmişəm ki, 20 namizəd var. Amma onlar arasında yerli məşqçi yoxdur. Özüm üçün demirəm, sadəcə? məncə düşünməyə əsas var. Yəni doğrudan ölkədə normal məşqçi yoxdu? Axı bu, bizim məşqçilərə qarşı hörmətsizlikdir. 20 namizəd arasında yerli məşqçinin olmaması bizimkilərə qarşı biganəliyin göstəricisidir. Yəqin bizdə məşqçi yoxdur. Əks halda namizədlər arasında azərbaycanlı adlar da olardı".