Əfran İsmayılov: Heç kim komandasını belə vəziyyətdə qoymaq istəməz
"Xəzər Lənkəran"ın yarımmüdafiçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"ylə qarşılaşmada aldığı qırmızı vərəqə ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qırmızı vərəqəyə görə mənə cəza verilə bilər. Baş məşqçi də qırmızı vərəqə aldığıma görə cəzasız qalmayacağımı söyləyib. Heç kim qırmızı vərəqə almaq istəməz. Həmin oyunda mən heç nə etməmişdim. Məni Karlos Kardosonun aktyorluğu sayəsində meydandan qovdular. Mən onu vurmadım, heç buna cəhd də göstərmədim. Amma qarşımda qırmızı vərəqə gördüm. Eybi yox. Futbolda belə şeylər olur. Cəzaya gəlincə, veriləcək, verilməyəcək, burada heç bir təəccüblü şey yoxdu. Cərimənin məbləğindən də xəbərim yoxdu. Yalnız onu deyə bilərəm ki, heç kim komandasını belə vəziyyətdə qoymaq istəməz. Bütün bunlar qəsdən atılmış addım deyil".